Aktau limanında konteyner qovşağının tikintisinə 20-dən çox xüsusi texnika cəlb olunub

19

Qazaxıstanın Aktau limanında konteyner qovşağının tikintisinə başlanılıb. Yeni qovşaq Aktau limanının ötürmə qabiliyyətini ildə 240 min TEU-ya çatdıracaq.

“Seanews.az” xəbər verir ki, layihəni “Lianyungang Port” Şirkətlər Qrupu Aktau Ticarət Dəniz Limanı ilə birlikdə həyata keçirir.

Tikinti işlərinin 2025-ci ilin ortalarında başa çatdırılması planlaşdırılır. Bu layihənin Qazaxıstanın beynəlxalq logistika sistemindəki mövqeyini gücləndirəcəyi və nəqliyyat-logistika sektorunun potensialını artıracağı gözlənilir.

Qovşağın tikintisi Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən Transxəzər istiqamətində konteynerlərin daşınmasını artırmağa və Çindən gələn tranzit yüklərin bir hissəsinin Avropaya yönləndirilməsinə imkan verəcək. Hazırda 20-dən çox xüsusi texnika cəlb olunduğu ərazidə torpaq işləri görülür.

Qazaxıstanın dəniz limanları ilə konteyner daşımalarının həcmi 84% artıb və hazırda 58 min TEU təşkil edir, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımalarının həcmi isə 2,7 dəfə artıb.