“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2012-ci illə müqayisədə emissiyaları 20 % azaldıb ki, bu da Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030-cu il hədəfini vaxtından əvvəl yerinə yetirib.
“Report” xəbər verir ki, bunu ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev COP29 çərçivəsində keçirilən “Gələcəyə səfər: dayanıqlı sabah üçün dənizçilikdə dekarbonizasiya” adlı panel müzakirəsində deyib.
O bildirib ki, bu uğur ətraf mühitlə bağlı məsuliyyətə sadiqliyi və töhfəni artırmaq istiqamətində hədəfin göstəricisidir: “Bu uğuru əldə etmək asan olmadı. Ancaq bunu yeni gəmilərə investisiya yatıraraq, mövcud gəmiləri yenidən təmir edərək, köhnə gəmiləri istismardan çıxararaq və enerji səmərəliliyini artıraraq əldə etdik. Məqsədimiz 2050-ci ilə qədər sıfır emissiya hədəfinə nail olmaqdır. Gəmiçilik şirkəti olaraq iqlim dəyişiklikləri ilə bağlı təsirimizi azaltmaq istəyirik. Dayanıqlılıq həllərini inkişaf etdirmə və karbon emissiyalarının azaldılması strategiyalarını araşdırmaq istiqamətində aktiv fəaliyyət göstəririk”.