Xəzərin dayazlaşması gələcəyə təhdiddir: Atırau balıqçıları kritik vəziyyətdən danışıblar

47

Qazaxıstanın Atırau vilayətində balıq populyasiyasında kəskin azalma müşahidə olunur. Xəzər dənizinin dayazlaşması, çayların məcrasının dəyişməsi və yaz daşqınlarının olmaması səbəbindən regionun su ehtiyatları tükənmək ərəfəsindədir.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, ömrünün 30 ilini balıqçılığa həsr etmiş təcrübəli balıqçı Amangeldi Boraşulı balıq ovunun fəlakətli şəkildə azaldığını qeyd edir. Əgər əvvəllər balıqçılar tonlarla balıq tuturdusa, indi 200 kiloqram tutmaq uğurlu hal sayılır.

“Gəlirlər xərcləri ödəmir. Balıq demək olar ki, yoxdur. Biz işləməyə öyrəşmişik, amma indiki nəticə çəkdiyimiz zəhmətə dəyməz”, – deyə Amangeldi Boraşulı qeyd edir.

Balıqçı Kıdır Alibekulunun sözlərinə görə, ekoloji vəziyyət kritikdir və problem həllini tapmayıb. O deyir: “Bunun qarşısı alınmasa, vəziyyət təkcə bizim üçün deyil, gələcək nəsillər üçün də çətin olacaq”.

Balıqçılıq müfəttişlərinin sözlərinə görə, balıq növlərinin sayı da azalıb. Tutulanlara əsasən kilki daxildir.

Xəzər dənizinin dayazlaşması və ekoloji dəyişikliklər təkcə balıqçılığı deyil, bütün regionu təhdid edir. Atırau vilayətində balıqçılıqla 18 kooperativ məşğul olur, bu sahədə 4 minə yaxın insan çalışır.