Qazaxıstanın Kurık limanında 990 min kubmetrdən çox dərinləşdirmə işləri başa çatdırılıb. Hazırda limanın akvatoriyasının və yaxınlaşma kanalının dərinliyi 7 metrdən 8 metrə qədərdir ki, bu da gəmilərin keçidini artırmağa və limanda onların tam yüklənməsinə nail olmağa imkan verir.
“Portnews.ru” bu barədə Qazaxıstan Dəmir Yollarının “Telegram” kanalına istindən xəbər verir.
İş dörd ay çəkib. Baş podratçı “Jan De Nul Kazakhstan LLP” şirkəti Xəzər dənizində ən güclü dibqazanı “Vesalius” da daxil olmaqla, dörd gəmisini akvatoriyaya gətirib. Bundan əlavə, qazaxıstanlı podratçılara məxsus yedək və avadanlıqlar da işə cəlb olunub.
“Dərin qazma işləri limanın imkanlarının daha da genişləndirilməsinə şərait yaradıb. Bu işlər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir və bu marşrut üzrə yüklərin daşınmasına artan tələbatın ödənilməsinə imkan yaradacaq”, – məlumatda deyilir.
Daha əvvəl xəbər verildiyi kimi, Qazaxıstanın Aktau limanında da dərinləşdirmə işləri planlaşdırılır. Bu, 2024-2028-ci illər üçün Qazaxıstanın dəniz infrastrukturunun inkişafı üzrə kompleks planın bir hissəsidir. Aktau və Kurık limanları əsasında klasterin yaradılması 2028-ci ilə qədər limanın ötürücülük qabiliyyətini 50%, konteyner tutumunu isə 3 dəfə artırmağa imkan verəcək.
Kurık limanı Xəzər dənizinin şərq sahilində, Aktau limanının cənubunda yerləşir. “Qazaxıstan Dəmir Yolları” holdinqinin strukturuna daxil olan Kurık limanının layihə gücü ildə 6 milyon ton yük təşkil edir.
“Seanews.az”