ASCO emissiyanın rəqəmsal panelə çıxarılaraq izlənməsi sistemi yarada bilər

13

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) emissiyaların rəqəmsal panelə çıxarılaraq izlənməsi sisteminin yaradılmasını planlaşdırır.

Bunu “Report”a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarəedilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.

Onun sözlərinə görə, həmçinin emissiyaların inventarlaşdırılması ilə bağlı ISO 14060 və digər standartların tətbiqi, müvafiq sertifikatlaşdırılmanın aparılması həyata keçirilir: “ASCO ekoloji cəhətdən təmiz olan elektrik nəqliyyat vasitələrinə tədricən keçid edir. Bununla əlaqədar, ilkin mərhələdə ASCO-nun inzibati binasının yeraltı dayanacağında elektrik avtomobillər üçün 2 ədəd şarjetmə stansiyası istifadəyə verilib. Eyni zamanda ASCO-nun hər iki zavodunda və donanmasında hər struktur idarəyə ilkin olaraq 1 ədəd (ümumilikdə 4 ədəd) şarjetmə stansiyası da quraşdırılıb”.

Direktor həmçinin qeyd edib ki, alternativ enerji mənbəyi kimi günəş panellərinin tətbiqinə də başlanılıb: “Bibiheybət” Gəmi Təmiri Zavodunda 162 ədəd günəş paneli quraşdırılıb. Dəniz Nəqliyyatı Donanmasında külək turbininin quraşdırılması layihəsinin icrasına başlanılıb”.

Ə. Əzizli şirkətdaxili su istehlakının optimallaşdırılmasının da həyata keçirildiyini deyib.