ASCO gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır

60

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) sııfır emissiya hədəfinə çatmaq üçün gəmilərdə küləklə dəstəklənən hərəkətverici sistemlərin quraşdırılması imkanlarını araşdırır.

Bunu “Report”a açıqlamasında ASCO-nun Dayanıqlılıq və emissiyaların idarə edilməsi üzrə direktoru Ələkbər Əzizli bildirib.

O qeyd edib ki, gəmilərin enerji səmərəliliyinin artırılması üçün onlar təmirə gələndə pərləri cilalanır və sualtı hissələri tez-tez təmizlənir: “Gələcəkdə isə gəmilərin gövdəsinin təmizlənməsində robot sisteminin tətbiqi nəzərdə tutulur. Hava ilə sürtünmə sistemi gəmilərin alt hissəsində mikro qabarcıqlar yaratmaqla, onun gövdəsi ilə dəniz suyu arasındakı müqaviməti azaldır. Bu sistem yanacaq sərfiyyatının və emissiyaların həcminin azaldılmasına xidmət edir. Həmçinin, gəmilərdə enerji səmərəliliyinin artırılması istiqamətində fəal iştirak edən heyəti üzvləri mükafatlandırılır”.

Direktorun sözlərinə görə, ASCO həmçinin Ətraf mühit və sosial idarəetmə sistemi tətbiqi edir.