Türk İnvestisiya Fondu Orta Dəhlizin inkişafı üçün layihələri maliyyələşdirəcək

18

Türk İnvestisiya Fondu (TIF) nəqliyyat sahəsində, xüsusilə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına yönəlmiş layihələrin maliyyələşdirilməsinə diqqət yetirməyi planlaşdırır.

“Report” Fondun məlumatına istinadən xəbər verir ki, bunu TIF prezidenti Bağdat Amreyev Aşqabadda BMT-nin dayanıqlı nəqliyyat üzrə iclasında bildirib.

“Dayanıqlı Nəqliyyat Dostları Qrupunun (GFST) nazirlərin iclası bu il noyabrın 27-də Türkmənistan və Çinin birgə sədrliyi ilə Aşqabadda keçirilib. İclasda BMT-nin dayanıqlı nəqliyyat, yol təhlükəsizliyinin artırılması və nəqliyyat əlaqələrinin yaxşılaşdırılması sahəsində məqsədlərinə nail olmaq üçün birgə səylərə, eləcə də strateji tərəfdaşlığa, həmçinin dayanıqlı nəqliyyat həllərinin hazırlanmasına və innovativ “yaşıl texnologiya”ların tətbiqinə xüsusi diqqət yetirilib”, – məlumatda qeyd edilb.

B.Amreyev çıxışında nəqliyyat və gömrük əməkdaşlığının türk əməkdaşlığı gündəliyində prioritet olaraq qaldığını qeyd edib.

O vurğulayıb ki, regional ticarət və investisiyaların stimullaşdırılması üçün yaradılmış Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə maliyyə qurumu olan fond, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi diqqət yetirərək, logistika və infrastrukturu dəstəkləyərək nəqliyyat sektorunu fəal şəkildə inkişaf etdirəcək.

Bundan əlavə, B.Amreyev qeyd edib ki, Türk İnvestisiya Fondu “Ro-Ro” və “Ro-Pax” bərə daşımalarının inkişafı, həmçinin nəqliyyat sistemlərinin rəqəmsallaşdırılması kimi digər nəqliyyat təşəbbüslərini də dəstəkləməyə hazırdır.

“B.Amreyev fondun TDT ölkələrində dayanıqlı nəqliyyat sisteminin yaradılması üçün BMT-nin Dayanıqlı Nəqliyyat Dostları Qrupu və bütün beynəlxalq maraqlı tərəflərlə sıx əməkdaşlığı inkişaf etdirmək əzmində olduğunu vurğulayıb”, – məlumatda qeyd olunub.