Xəzərdə nərə balıqlarının ovlanmasına qoyulan qadağanın ləğvi gözlənilmir

52

Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna qoyulan qadağanın ləğvi hələ planlaşdırılmır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyinin rəhbəri İlya Şestakov məlumat verib.

“Qadağanın ləğv edilməsi ilə bağlı planlar yoxdur. Xəzər dənizində nərə balığı ehtiyatları ilə bağlı vəziyyət kifayət qədər pisdir. Xəzəryanı ölkələrin beştərəfli komissiyası yaradılıb. Yeri gəlmişkən, bu komissiya dekabrda Həştərxanda toplaşacaq. Düşünürəm ki, biz növbəti dəfə nərə balıqlarının kommersiya ovuna məhdudiyyətlər tətbiq edəcəyik. Buna görə də Xəzərdə nərə balıqlarının ovlanmasına icazə verilməsi planlaşdırılmır”, – o bildirib.

Agentliyin rəhbəri əlavə edib ki, digər regionlarda, ilk növbədə, Amurda və Azov dənizində nərə balığı ehtiyatlarının artması müşahidə olunur.

Xəzəryanı ölkələr – Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran hər il Xəzərdə nərə balıqlarının kommersiya ovuna qoyulan moratoriumu uzadır. Nərə balıqlarının ovlanması yalnız elmi-tədqiqat məqsədləri və süni çoxaltma üçün həyata keçirilə bilər.

Xəzər dənizinin su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiya 2014-cü ilin sentyabrında Həştərxanda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri tərəfindən imzalanmış sazişə uyğun olaraq yaradılıb. 2016-cı ilin yazında sənəd bütün iştirakçı ölkələrdə ratifikasiya edilib və qüvvəyə minib. Saziş komissiyanın üzv dövlətlər tərəfindən icrası məcburi olan qərarlar qəbul edə bilməsi mümkünlüyünü nəzərdə tutur. Komissiyanın birinci iclası 2017-ci il noyabrın sonunda Bakıda keçirilib.

Xəzər dənizi hövzəsində nərə balıqlarının ovlanması üzrə ən yüksək göstəricilər XX əsrin əvvəllərində – 39,4 min ton və 1970-ci illərin sonlarında 27,4 min ton olub. 1991-ci ildən başlayaraq nərə balıqlarının sayında kəskin azalma qeydə alınıb.