Dünyanın ən nadir balinası ilk dəfə araşdırılır

63

Yeni Zelandiya alimləri dünyanın ən nadir balinası hesab edilən növü tədqiq etməyə başlayıblar və indiyədək onlardan yalnız yeddi nümunə sənədləşdirilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bir həftə davam edəcək araşdırma balinanın davranışı, pəhrizi və hətta əsas anatomiyası ilə bağlı boşluqları doldurmağa kömək edəcək.

Belə ki, bu ilin əvvəlində Yeni Zelandiyanın Cənub adasında sahilə çıxan ölü avar dişli balina, əvvəllər heç vaxt canlı olaraq görülməmiş dəniz məməlisini araşdırmaq şansı verib.

Beş metr uzunluğundakı balina iyul ayında sahildən çıxarılıb və o vaxtdan bəri xüsusi dondurucuda saxlanılır.

Balina mütəxəssisi Anton van Helden bildirib ki, alimlər ilk dəfə dimdikli balina ailəsinə aid tam avar dişli nümunəni tədqiq edə biliblər.

Van Helden açıqlama verərək, “Bu, fövqəladə və qlobal əhəmiyyətli bir fürsətdir. Dimdikli balinalar planetdəki böyük məməlilərin ən müəmmalı qrupudur, onlar dənizdə nadir hallarda görülən dərin dalğıclardır və bu, bu dəniz heyvanlarını öyrənmək üçün əsl çətinliklər yaradır” deyib.

Yeni Zelandiyanın təbiəti mühafizə departamenti avar dişli balinanın “dünyanın ən nadir balinası” olduğunu bildirib.

Bu növ ilk dəfə 1874-cü ildə Chatham adalarından toplanmış alt çənə və iki dişdən təsvir edilmişdir.

Orxan Saffari