Qazaxıstanın Kurık limanında çoxfunksiyalı “Sarja” (“Sarja” MMT) dəniz terminalının tikintisini həyata keçirən “Semurg Invest” şirkəti ilk quru yük gəmisini yeni terminalın yanalma körpüsündə qəbul edib.
“Seanews.az” xəbər verir ki, dedveyti 7400 ton olan “Dəniz” (Qazaxıstan bayrağı, 2016-cı ildə inşa edilmiş) yük gəmisi Aralıq dənizi regionundan Xəzər dənizinə gəlib. Gəminin 2024-cü ilin dekabrında Kurık limanından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (“Orta Dəhliz”) ilə ilk səfərinə çıxması planlaşdırılır.
Gəmini “Freeseas Container Shipping” (BƏƏ) “Middle Corridor Shipping”-nin törəmə şirkəti birgə idarə edəcək.
Qazaxıstanın “Semurq İnvest” şirkəti Kurık limanında dəniz terminallarının tikintisi ilə yanaşı, donanmasının inkişafı sahəsində də aktual məsələləri həll etməyə başlayıb. Şirkət ticarət gəmilərinin sayını altıya çatdırmağı planlaşdırır. “Semurg Invest”-in baş direktoru Nurjan Marabaevin sözlərinə görə, onların hər biri ildə 240 min tona qədər yük daşıya biləcək.
Qeyd edək ki, “Sarja” MMT layihəsi altı terminalın tikintisini nəzərdə tutur ki, bu da 2030-cu ilə qədər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyətini hər il 12 milyon ton (5 milyon ton quru yük və 7 milyon tondan çox maye yüklər) artırmağa imkan verəcək. Planlaşdırılan altı terminaldan ikisi layihənin birinci mərhələsi çərçivəsində artıq fəaliyyətə başlayıb. Doqquz yanalma körpüsündən ikisi tikilib, üçüncüsü isə 2025-ci ildə başa çatdırılacaq. Ümumi uzunluğu 16 km olan dəmir yolu xətləri çəkilmişdir.
Hazırda “Semurg Invest”-in “Sarja” MMT-yə sərmayələri 200 milyon dolları ötür.