ASCO əməkdaşları üçün elektron şəxsi kabinet rolunu oynayan “My ASCO” mobil tətbiqinin aktiv istifadəçilərinin sayı 7130 nəfərə çatıb. Bu da ümumilikdə ASCO -da çalışanların 92%-i deməkdir.
Tətbiqin istifadəyə verilməsinin ikinci ili münasibətilə ən fəal istifadəçilərə – ASCO-nun İstismar kommersiya departamentinin rəis müavini Sakit Məlikov, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun Əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi şöbəsinin rəisi Babək Hüseynov, Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Natalya Fatyanova, “Bakinskaya 5” gəmisinin kapitanı Şakir Zeynalov, “Mahmud Rəhimov” gəmisinin matrosu Əliağa Rəhmanov və “Həkəriçay” gəmisinin motorçusu Rəşid Abbasova hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tətbiq üzərindən indiyədək ümumilikdə 1839 müxtəlif məzmunlu müraciət daxil olub. Ötən bir ildə tətbiqin “Mənim məlumatlarım”, “Məzuniyyət sorğusu”, “Əmək haqqı çıxarışı” bölmələri əməkdaşların ən çox istifadə etdiyi bölmələr sırasında yer alıb.
Davamlı təkmilləşdirilən elektron kabinetə son bir ildə “İT-yə müraciət”, “Vəzifə tarixçəsi”, “Onlayn təlimlər” və “Daxili sənədlər” kimi yeni bölmələr əlavə edilib.
“My ASCO” mobil tətbiqi Gəmiçiliyin personalı üçün ASCO ilə bağlı ən son məlumatları əldə etmək, mobil tətbiq üzərindən iş yerindən müxtəlif növ arayış və sənədlər sorğu etmək, ASCO əməkdaşları ilə birbaşa yazışmaq, müxtəlif növ toplu və fərdi bildirişlər, elanlar, sənəd və sertifikatların bitmə vaxtı barədə xatırlatma və digər vacib məlumatlar almaq, real vaxt rejimində aylıq əmək haqqı üzrə ətraflı onlayn çıxarış əldə etmək, məzuniyyət günləri barədə məlumat almaq və məzuniyyət üçün elektron formada müraciət etmək, şəxsi sənədlərin elektron surətini yükləmək, xidməti fəaliyyətin qiymətləndirilməsinin son illər ərzində nəticələri ilə tanış olmaq, eləcə də ASCO-nun daxili onlayn təlim platformasına keçid etmə və digər bir sıra rəqəmsal xidmətlərdən yararlanmaq imkanı verir.
Bundan əlavə, ASCO-nun aparatı və struktur idarələrinə gələn və yaxud iş gününün sonunda çıxan, uyğun avtobus marşrutları, eləcə də hər gün aparatda və struktur bölmələrdə nahar zamanı təqdim edilən yeməklərin siyahısı, ASCO-da mövcud açıq vakansiyalar barədə məlumat əldə etmək və uyğun vakansiya üzrə müraciət göndərmək mümkündür. Həmçinin “My ASCO” mobil tətbiqi dənizçilərə istənilən məkandan müxtəlif sorğu, təklif, şikayət, eləcə də Gəmiçiliyin rəhbərliyinin qəbuluna yazılmaq üçün elektron müraciət göndərmək imkanı yaradır.
Yarandığı dövrdən biznes proseslərin rəqəmsallaşdırılmasına və müxtəlif elektron sistemlərin tətbiqinə xüssui əhəmiyyət verən ASCO zamanla “My ASCO” mobil tətbiqi üzərindən göstərilən xidmətlərin genişləndirilməsi və funksionallıqların artırılmasını da nəzərdə tutur.
ASCO-nun əməkdaşları “My ASCO” mobil tətbiqini həm iOS, həm də Android cihazlarına yükləyə bilərlər.
asco.az