Cənubi Koreyanın nəhəng gəmiqayırma və sənaye şirkəti “HD Hyundai Heavy Industries” (“HHI”) yüksək təzyiqli birbaşa yanacaq vurma üsulu ilə iki yanacaqlı ammonyak mühərriki hazırlayıb və sınaqdan keçirib.
“Seanews.az” xəbər verir ki, bu barədə “HD Hyundai” qrupunun mətbuat xidməti məlumat yayıb.
Ammonyakla işləyən iki yanacaqlı “HiMSEN” mühərriki (Model: H22CDF-LA) üçün sinif təsdiqi sınaqları Ulsandakı “HD Hyundai Heavy Industries” Mühərrik Texnologiyaları Mərkəzində aparılmışdır.
Sınaqlarda “ABS” (ABŞ), “DNV” (Norveç), “LR” (Böyük Britaniya), “BV” (Fransa), “RINA” (İtaliya), “ClassNK” (Yaponiya) və “KR” (Koreya) daxil olmaqla yeddi təsnifat cəmiyyətinin nümayəndələri iştirak ediblər.
“HD Hyundai Heavy Industries” tərəfindən ammonyak tankerləri üçün hazırlanmış mühərriklərdən gəminin elektrik güc və hərəkət qurğusu kimi də istifadə edilə bilər. Şirkət bu mühərrikləri həmçinin quruda enerji istehsalı bazarlarına tədarük etməyi planlaşdırır.