12 ən böyük konteyner xəttinin donanmalarının tutumu 2024-cü ildə ümumilikdə demək olar ki, 7% artıb.
“Seanews.az” bu barədə “Alphaliner” hesabatına istinadən xəbər verir.
Sinqapurda yerləşən və ən böyük konteyner xətlərinin siyahısında 12-ci yerdə olan “Pacific International Lines” (“PIL”) mayeləşdirilmiş təbii qazla (LNG) işləyən bir neçə “PostPanamax” konteyner gəmilərini istismara qəbul edib. Bununla şirkət donanmasının tutumunu 30% artırmaqla 383 000 TEU-ya çatdırıb.
Keçən il donanmasının tutumunu 780,2 min TEU-ya çatdıran “ZIM Line” şirkəti 26% artıma əsasən çoxlu sayda konteyner gəmisini uzun müddətə icarəyə götürməklə nail olub.
“Hapag-Lloyd” 2024-cü ildə daşıma gücünü 367 000 TEU artırıb. Bununla belə, keçən il Almaniya xətti tutumu cəmi 158 000 TEU olan yeddi yeni gəmisini istismara qəbul edib. “Hapag-Lloyd”-un donanmasının tutumunda 19% artımın böyük hissəsi çarter bazarı vasitəsilə əldə edilib. Beləliklə, daşıyıcı bir vaxtlar “Evergreen Marine Corporation”-a təhvil verilmiş doqquz 10 illik “NeoPanamax” konteyner gəmisini uzunmüddətli çarterdən geri qaytarıb. Yenidənqurma yolu ilə tutumları 13 000 TEU-dan 15 400 TEU-ya qədər artırıldıqdan sonra bu gəmilər “Hapag-Lloyd”-in donanmasına qoşulub.
“Evergreen” keçən il donanmasına 212 500 TEU tutumlu 24 konteyner gəmisi əlavə edib. Lakin xalis artım cəmi 114 200 TEU (+6,9%) olub, çünki şirkət bəzi gəmiləri “MSC”-yə satıb, bəzilərini isə təkrar emala göndərib.
“MSC” şirkəti isə öz növbəsində, bir daha TEU-da ən yüksək artım nümayiş etdirib və bu gün “Şərq-Qərb” ticarətində tərəfdaşlarsız fəaliyyət göstərməyə imkan verən donanmaya sahib ilk konteyner xəttidir.
2024-cü ildə “MSC” şirkəti donanmasının yükdaşıma qabiliyyətinə 692 000 TEU əlavə edib. Bu, orta bazar göstəricisindən 12,3% yuxarı artım deməkdir. Ötən il “MSC” ümumi tutumu 548,5 min TEU olan 50 yeni gəmi, o cümlədən tutumu 15,4 min – 16,6 min TEU olan 26 “NeoPanamax” konteyner gəmisi alıb.
12 ən böyük konteyner xətti arasında yalnız Tayvanın “Yang Ming” şirkəti 2024-cü ilin sonuna qədər mənfi dinamika nümayiş etdirib. O, öz donanmasının tutumunu demək olar ki, 2000 TEU azaldaraq 705 500 TEU-ya endirib, nəticədə reytinqdə 9-cu yerdən 10-cu yerə enib.