Süveyş kanalının yeni ehtiyat hissəsi birinci rübdə istismara veriləcək

47

Süveyş kanalının Acı Göllər ərazisində ehtiyat hissəsinin faktiki istismarı 2025-ci ilin birinci rübünə planlaşdırılır.

“Seanews.az” xəbər verir ki, bu barədə Süveyş Kanalı Administrasiyasının (SCA) sədri admiral Ossama Rabie Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominqesə məlumat verib.

Misir Hərbi Dəniz Qüvvələrinin Hidroqrafik İdarəsi kanalın 122-ci kilometrindən 132-ci kilometrə qədər uzanan yeni hissə də daxil olmaqla, kanalın yeni naviqasiya xəritələrini dərc etdikdən sonra gəmilərin hərəkətinə icazə veriləcək.

Osama Rabie qeyd edib ki, 2024-cü ildə Süveyş kanalı yaşıl strategiyasının həyata keçirilməsində mühüm irəliləyiş əldə edib. Xüsusilə, ekoloji cəhətdən təmiz donanma qurulur, gəmilər bioyanacaqa işləmək üçün uyğunlaşdırılır, yeni xidmətlər tətbiq edilir.

IMO-nun Baş katibi öz növbəsində SCA-da, xüsusən də su yollarının inkişafı sahəsində baş verən sürətli dəyişiklikləri yüksək qiymətləndirib.