2024-cü ildə dünyada 435 tanker sifariş edilib

28

2024-cü ildə dünyada 435 tanker sifariş edilib. Bu da 2023-cü illə müqayisədə 31% çoxdur.

“Seanews.az” “Veson Nautical”-a istinadən  bildirir ki, sifarişlərin artması donanmanın yenilənməsi, ekoloji tələblər, eləcə də təkrar bazarda tonajlara yüksək tələbat və yüksək qiymətlərlə bağlı olub.

“Keçən il tanker tikintisi seqmentində canlanma var idi, lakin 2025-ci ilin əvvəli üçün sifarişlərin yerləşdirilməsi sürəti gözləniləndən daha yavaş idi. Sifarişlər artmaqda davam edəcək, lakin onların 2024-cü ilin rekordunu təkrarlaması ehtimalı azdır”, – “Veson Nautical” qeyd edir.

Ümumi sifarişlərin 47%-ni “Handysize” tankerləri təşkil edib: 204 belə gəmi sifariş edilib. “Aframaxes”-a üstünlük verənlər ikinci yerdədir. Onlar 101 tankerlə kifayətləniblər. Üçüncü yerdə 57 sifarişlə  böyük tutumlu “VLCC” neft tankerləri gəlir. Sonrakı yerləri 45 gəmi ilə “Suezmaxes” və 28 gəmi ilə “Panamaxes” tutur.

Yunanıstandan olan gəmi sahibləri daha çox sifariş veriblər: 101 tanker. Onları 75 gəmi sifarişi ilə Çin və 43 sifarişlə Sinqapur izləyir. Dördüncü yerdə Böyük Britaniya (42 tanker), beşinci yerdə Yaponiya (18 tanker) qərarlaşıb.

Tankerlərin tikintisi üçün ən çox sifarişi Çin tərsanələri alıb. Onlar 322 gəmi tikəcəklər. İkinci yerdə olan Cənubi Koreya tərsanələri 72 tanker inşa edəcəklər.  Sonrakı yerdə 25 tanker üçün sifariş alan Vyetnam və 12 gəmi tikəcək  Yaponiya gəmiqayırma şirkətləri gəlir.