Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın iştirakı ilə “Xəzər dənizi – Qara dəniz” beynəlxalq tranzit və nəqliyyat marşrutu üzrə sazişin 2025-ci ildə imzalanması planlaşdırılır. Marşrutun mühüm nöqtələri Rumıniyanın Qara dənizdəki Konstansa limanı və Türkmənbaşı beynəlxalq dəniz limanı olacaq.
“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin dördtərəfli görüşün yekunlarına dair verdiyi məlumatda belə deyilir.
İclasda Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniyanın xarici işlər nazirliklərinin, eləcə də nəqliyyat sektoruna cavabdeh olan nazirlik və idarələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Görüş zamanı yükdaşımaların artırılması və bütün maraqlı tərəflərlə, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlığın stimullaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.
Tərəflər layihənin bütün iştirakçılarının ticarət əlaqələrində gözlənilən müsbət effekti, eləcə də Avropa və Asiya bazarlarını birləşdirmək üçün yükdaşımaları sahəsində beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyini qeyd edib, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsal texnologiyalardan istifadə imkanlarını müzakirə ediblər.
Görüşün sonunda iştirakçılar bu il imzalanması planlaşdırılan “Xəzər dənizi-Qara dəniz” beynəlxalq tranzit və nəqliyyat marşrutunun yaradılması və həyata keçirilməsinə dair dördtərəfli hökumətlərarası sazişin Mərkəzi Asiya ilə Avropa arasında beynəlxalq yük daşımalarının inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.