“Odfjell”-in yelkənləri ilə təchiz olunmuş “Bow Olympus” gəmisi Atlantik okeanı üzərindən Hyustona yelkən açıb.
“Seanews.az” xəbər verir ki, bu barədə gəmi sahibinin mətbuat xidməti məlumat yayıb. Texnologiyanın effektivliyi güclü küləklər olan ərazilərdə üzmə zamanı öyrəniləcək.
“Bow Olympus” kimyəvi tankeri Niderlandın “EDR Antverpen” gəmiqayırma zavodunda yenidən qurulub. Gəmi İspaniyanın “Bound4blue” şirkəti tərəfindən hazırlanmış dörd 22 metrlik “eSAIL” yelkənləri ilə təchiz edilib. Modernləşdirmənin çətinliyi yelkənləri çoxsaylı yük anbarları və borular şəbəkəsi ilə göyərtədə yerləşdirməkdə idi.
Texnologiya istehsalçısı zəmanət verir ki, dörd “eSAIL”-dən istifadə gəmi sahibinə uzun məsafəli dəniz səfərləri zamanı yanacağa xeyli qənaət etməyə və artan enerji səmərəliyinə nail olmağa kömək edəcək.
Qeyd edək ki, İspaniyanın “Bound4blue” şirkətinin “eSAILs” adlı yelkən sistemi həm qanadlı yelkənlərin, həm də “Flettner” rotorlarının xüsusiyyətlərini özündə birləşdirir. Hər bir yelkəndə hava axınını sovurmaq üçün ventilyatorlar sistemi var.