ABŞ “Venture Global” şirkətinə Luiziana zavodundan LNG ixracı üçün lisenziya verib

77

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Venture Global” şirkətinə Luiziana ştatındakı müəssisədən mayeləşdirilmiş təbii qaz (LNG) ixrac etmək üçün lisenziya verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyinin saytında dərc olunan açıqlamada deyilir.

Sənəddə qeyd edilir ki, bu, “Venture Global” şirkətinə CP2 zavodunun tikintisini davam etdirməyə imkan verəcək. Açıqlamaya görə, tikinti başa çatdıqdan sonra zavod gündəlik 1,1 milyard kubmetrə qədər LNG ixrac edə biləcək.

Energetika naziri Kris Rayt tərəfindən imzalanan lisenziyaya əsasən, Energetika Nazirliyi “Venture Global” şirkətinə ABŞ-nin azad ticarət razılaşması olmayan ölkələrə LNG ixracına icazə verir. Sənəddə bildirilir ki, 2050-ci ilə qədər müddətə lisenziyanın verilməsi ABŞ-yə iqtisadi fayda gətirəcək, qlobal LNG təchizatı mənbələrini şaxələndirəcək və ABŞ-nin müttəfiqləri və ticarət tərəfdaşları üçün enerji təhlükəsizliyini artıracaq.

Bu, Tramp administrasiyasının vəzifəyə gəldiyi vaxtdan bəri verdiyi beşinci LNG ixrac lisenziyasıdır. Keçmiş ABŞ lideri Co Bayden ötən ilin əvvəlində prosesi dayandırmışdı. O, qərarını hazırda ekzistensial təhlükə hesab edilən iqlim böhranını əsas gətirməklə əsaslandırıb.