Azərbaycanda “Mühəndis Soltan Kazımov” gəmisi suya salınıb

97

Bu gün Bakı Gəmiqayırma Zavodunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sifarişi ilə inşa olunan “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb. Bu gəminin layihələndirilməsi “Damen Shipyards Gorinchem B.V.”şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən tərtib edilmişdir.

Gəminin inşası 100% başa çatıb. Qalan sınaq işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək.

Azərbaycanda ilk dəfə Bakı Gəmiqayırma Zavodunda inşa edilən dibdərinləşdirən gəminin ümumi uzunluğu 61.20 metr, gövdənin uzunluğu 49.30 metr, ümumi eni 10.50 metr, suya oturumu 1.65 metr və qazma dərinliyi 18 metr təşkil edir.

Qeyd edək ki, dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi cari ilin may ayına nəzərdə tutulub.