Azərbaycan Moldovada EBRD-nin satışa çıxardığı Curculeşti limanının inkişafında iştirak edə bilər

31

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Moldova üçün strateji əhəmiyyət daşıyan Curculeşti limanına yeni investor cəlb etmək məqsədilə beynəlxalq tender elan edib.

“Report” EBRD-yə istinadən xəbər verir ki, bank açıq beynəlxalq tender formatında strukturlaşdırılmış birləşmə və satınalma (M&A) prosesini başladıb.

Məqsəd bu əsas infrastruktur obyektinin dayanıqlı uzunmüddətli inkişafını təmin edə biləcək strateji və maliyyə investorlarını müəyyən etməkdir.

Proses Moldova hökuməti ilə sıx koordinasiya şəraitində həyata keçirilir, o cümlədən limanın gələcək kommersiya və hüquqi strukturu ilə bağlı müzakirələr aparılır. Sövdələşmə çərçivəsində EBRD-nin maliyyə məsləhətçisi “Raiffeisen” bankıdır.

Curculeşti limanı Moldovanın Dunay sahillərinin qısa bir hissəsində, Rumıniya və Ukrayna ilə sərhəddə yerləşir. O, ölkənin bütün su idxal-ixrac əməliyyatlarının 70 %-dən çoxunu həyata keçirir, logistika zəncirlərində əsas rol oynayır. Bununla yanaşı, respublika iqtisadiyyatına əhəmiyyətli töhfə verir.

Daha əvvəl “Report”a müsahibəsində Moldovanın baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolya uzunmüddətli strategiya çərçivəsində Curculeşti limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında ikitərəfli əməkdaşlıq məsələsi üzərində iş aparıldığını bildirib. Onun sözlərinə görə, müvafiq təşəbbüslər artıq baxılma mərhələsindədir.