Aktauda gəmiçilik sənayesinə həsr olunmuş beynəlxalq konfrans keçirilib

14

Qazaxıstanın Aktau şəhərində yerləşən Ş. Yessenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin Dəniz Akademiyasında “Dəniz sənayesinin müasir çağırışları və inkişafı perspektivləri: təhlükəsizlik, ekologiya və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

Tədbirdə ASCO-nun Dəniz üzgüçülüyünün təhlükəsizliyi departamentinin rəis müavini, Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz naviqasiyası” kafedrasının müdiri Həzi Nəbiyev də iştirak edib. O, çıxışında konfransın təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu və belə tədbirlərin əməkdaşlıqların genişlənməsində böyük rol oynadığını bildirib.

Konfransda dəniz sənayesinin hazırda genişmiqyaslı transformasiya dövrünü yaşadığı qeyd olunub. Bildirilib ki, iqlim dəyişiklikləri, texnoloji yeniliklər və geosiyasi dəyişikliklər kimi ciddi çağırışlar sənaye qarşısında mühüm vəzifələr qoyur. Lakin məhz belə şəraitdə yeni yanaşmalar və strategiyalar formalaşır ki, bu da gələcəkdə sahənin daha dayanıqlı, təhlükəsiz və effektiv olmasına şərait yaradır.

Tədbir iştirakçıları həmçinin dəniz sənayesində elmi tədqiqatlara investisiya qoyuluşunun əhəmiyyətini, beynəlxalq əməkdaşlığın genişləndirilməsini və qlobal dəniz iqtisadiyyatında çalışacaq yeni nəsil mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıblar.

Konfrans çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda dəniz təhlükəsizliyi, marşrutlaşdırma məsələləri ətrafında da müzakirələr aparılıb.