Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) gəmiçilik şirkəti mayeləşdirilmiş təbii qazla (LNG) işləyən yeni “Capesize” balkerinə adqoyma və gəminin istismara qəbul edilməsi mərasimi keçirib.
“Seanews.az” “portnews.ru”-ya istinadən xəbər verir ki, mərasim “Imabari Shipbuilding” gəmiqayırma şirkətinin “Saijo” tərsanəsində sifarişçinin rəhbər heyətinin iştirakı ilə baş tutub.
“Verde Heraldo” adlandırılan balker “JFE” şirkəti ilə bağlanan uzunmüddətli müqavilə əsasında “JFE Steel Corporation”-ın polad zavodlarına xammal daşıyacaq.
“Saijo” tərsanəsini tərk etdikdən sonra balkerin Osakadakı “Senboku” terminalında “Gəmidən-gəmiyə!” yolu ilə təbii qaz mühərrik yanacağı ilə bunker edilməsi planlaşdırılır. Quru yük gəmisini yanacaqla “Osaka Gas” təmin edəcək. Bundan sonra balkerin Avstraliyaya səfəri planlaşdırılır.
Uzunluğu təxminən 230 metr, eni 50 metr, suya oturumu 18.436 metr olan “Verde Heraldo” quru yük gəmisinin dedveyti 210 321 tondur. Balker “Imabari Shipbuilding” və “Nihon Shipyard” zavodlarında inşa edilib.