Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onu müşayiət edən nümayəndə heyəti “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) balansında fəaliyyət göstərən və dünyanın ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyini ziyarət ediblər.
Ziyarət çərçivəsində qonaqlara gəmi-muzeydə nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə Ukrayna dilində keçirilib. Bu addım ASCO-nun beynəlxalq qonaqlara göstərdiyi diqqət və multikultural dəyərlərə verdiyi önəmin nümunəsi kimi qiymətləndirilib.
Qonaqlar gəmi-muzeyin ekspozisiya zalları ilə tanış olaraq Azərbaycanın zəngin dənizçilik tarixi, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim dənizçilik şirkəti olan ASCO-nun keçdiyi yol və fəaliyyəti barədə ətraflı məlumat alıblar.
Ziyarətin sonunda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Suraxanı” gəmi-muzeyinin fəxri qonaqlar kitabında ürək sözlərini qeyd edərək, səfərdən məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.



















Source:https://www.facebook.com/surakhanishipmuseum