Yükdaşıma sahəsində geniş təcrübə

25

Ülvi Ocaqlı, “Sara Logistics” şirkətinin direktoru və Müşahidə Şurasının sədri
Sara Logistics şirkəti yükdaşıma sahəsində geniş təcrübəyə malikdir və “Azərbaycan Dəmir Yolları” QSC-nin baş eksperti kimi bütün nəqliyyat növləri üzrə yüksək keyfiyyətli daşıma xidmətləri göstərir. Şirkət əsasən Şimal-Cənub və Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarını həyata keçirir. Daşımanın əsas növü dəmir yolu nəqliyyatı hesab olunur. Şirkətin balansında 104 fitting-platforma, 200 örtülü vaqon və digər icarəyə götürülmüş vaqonlar mövcuddur. Ümumi hərəkət tərkibinin sayı 400-dən çox vaqondan ibarətdir. Şirkət eyni zamanda özəl Zirə limanına da sahibdir və bu liman vasitəsilə Orta və Mərkəzi Asiya ölkələrindən tranzit daşımaları həyata keçirilir.
Məlumdur ki, bu gün yükdaşımaların əsas istiqamətlərindən biri Çindən Avropaya uzanan marşrutdur. Biz bu prosesləri yaxından izləyirik və sözügedən istiqamətdə fəal şəkildə fəaliyyət göstəririk. Əgər əvvəllər Çin mənşəli yüklər əsasən Qazaxıstan şirkətləri vasitəsilə daşınırdısa, hazırda biz birbaşa müqavilələr bağlayırıq, xüsusilə də Çin Dəmir Yolları ilə. Bundan əlavə, avtomobil yükdaşıma xidmətlərinin həcmini də artırırıq.
Ayrıca olaraq sərgilər mövzusuna da toxunmaq istərdim. Bizim sahədə rəqabət kifayət qədər güclüdür. Trendlə ayaqlaşmaq və bazarda mövqeni qorumaq üçün dəqiq və məqsədyönlü marketinq yanaşmaları vacibdir. Bu istiqamətdə əsas addımlardan biri də TransCaspian sərgisində iştirak hesab olunur. Son illərdə sərgidə davamlı iştirak müştəri bazasının və gəlirin artmasına müsbət təsir göstərir. Bu il aparılmış danışıqlar isə biznesdə mühüm irəliləyişlərin əldə olunacağına işarə edir.
Son illərdə TransCaspian sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. Bu həftəyə həmçinin bu il 30 illik yubileyini qeyd edən Caspian Oil&Gas sərgisi də daxildir. Bu əlamətdar hadisə münasibətilə bütün təşkilatçıları ürəkdən təbrik edirəm. Neft-qaz sektorunun aparıcı iştirakçılarını uzun illər ərzində bir araya toplamaq – çox əmək və böyük uğur tələb edən bir prosesdir. Bu, eyni zamanda sərginin aktuallığının və əhəmiyyətinin bariz göstəricisidir.

Caspian Oil&Gas sərgisinə davamlı uğurlar və inkişaf arzulayıram!

Source:https://translogistica.az/