Tələbələrin Diplomqabağı Təcrübəsinin uğurlu yekunu

71

Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisası üzrə IV kurs tələbələri üçün diplomqabağı istehsalat təcrübəsi “AZCON Holding”in nəzdində fəaliyyət göstərən Bakı Gəmiqayırma Zavodu MMC-də (BGZ) təşkil edilmişdir.

Təcrübə iştirakçıları onlar üçün əvvəlcədən tərtib olunmuş proqram əsasında praktiki biliklər əldə etmiş və təcrübənin sonunda yekun hesabatlar hazırlamışlar. Təcrübənin qiymətləndirilməsi iki mərhələdə həyata keçirilmişdir:

  • Birinci mərhələdə qiymətləndirmə BGZ-də yaradılmış komissiya tərəfindən aparılmış və nəticələr protokollaşdırılaraq ADDA-ya təqdim olunmuşdur;
  • İkinci mərhələdə isə qiymətləndirmə ADDA-nın daxili komissiyası tərəfindən həyata keçirilmişdir.

Qiymətləndirmə sistemi üzrə tələbələr ümumilikdə 100 bal toplamaq imkanı əldə etmişlər: bunun 50 balı müəssisədə, digər 50 bal isə Akademiyada təşkil olunan müdafiə mərhələsində verilir.

12 iyun 2025-ci il tarixində Bakı Gəmiqayırma Zavodunun Təlim və İnkişaf bölməsinin rəhbəri, eyni zamanda BGZ-də tələbələrin qiymətləndirilməsi zamanı təcrübə üzrə komissiya sədri olmuş Nəcəf Mustafayev ADDA-da keçirilən müdafiə mərhələsində iştirak etmişdir. Təqdimatlar zamanı tələbələr dörd ay ərzində qazandıqları nəzəri və praktiki bilikləri əhatəli şəkildə təqdim etmiş, peşə bacarıqlarını nümayiş etdirmişlər.

Qiymətləndirmənin sonunda BGZ-nin nümayəndəsi təcrübəni müvəffəqiyyətlə başa vurmuş tələbələrin nəticələrini yüksək qiymətləndirərək onlara sertifikatlar təqdim etmiş və gələcək karyeralarında uğurlar arzulamışdır.

Azərbaycan Dövlət Dəniz Akademiyası olaraq Bakı Gəmiqayırma Zavodu MMC-yə tələbələrimizə göstərdikləri dəstəyə görə təşəkkürümüzü bildirir, gələcəkdə də bu cür səmərəli və uğurlu əməkdaşlığın davam edəcəyinə inanırıq.

adda.edu.az