Bu ilin sentyabrından etibarən Kurık-Ələt-Kurık marşrutu ilə müntəzəm bərə reysləri həyata keçiriləcək.
Bu barədə “Report” “Qazaxıstan Dəmir Yolları” qəzetinə istinadən məlumat verir.
Qeyd olunur ki, Qazaxıstanın Manqistau vilayətinin hakimi Nurdaulet Kilıbay “Georgian Industrial Group”un Direktorlar Şurasının sədri David Bejuaşvili ilə Xəzər dənizində bərə daşımalarının inkişafına yönəlmiş investisiya layihəsini müzakirə edib.
Görüş zamanı qeyd edilib ki, 2025-ci ilin sentyabrından etibarən yeni bərələr Qazaxıstanın “MSC Middle Corridor Maritime” şirkətinin idarəçiliyinə veriləcək və ilk dəfə olaraq Kurık-Ələt-Kurık marşrutu ilə Qazaxıstan bayrağı altında müntəzəm reyslərin həyata keçirilməsinə başlanacaq.
Kurık-Ələt-Kurık marşrutu ilə ayda səkkiz-doqquz reysin həyata keçirilməsi nəzərdə tutulur. Bir gəminin tutumu 54 yük maşınıdır.
“Bu cür hərəkət intensivliyi Xəzər istiqamətində buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və Qazaxıstan ilə Azərbaycan arasında etibarlı logistika körpüsü yaradacaq, hər iki ölkənin ixracatçıları və idxalçıları üçün yeni imkanlar açacaq. Bundan əlavə, digər bərə operatorları ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparılır. Bu cür iddialı layihələrin həyata keçirilməsi Qazaxıstana Çini Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə və transkontinental daşımaların inkişafında əsas oyunçuya çevrilməyə imkan verəcək”, – məlumatda qeyd olunur.