Gürcüstanın Sahil Mühafizəsi NATO-nun dəniz təhlükəsizliyi əməliyyatında iştirak edəcək

7

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin Hüquq Mühafizə Taktiki Qrupunun üzvləri NATO-nun dəniz təhlükəsizliyi üzrə “SEA GUARDIAN” əməliyyatında iştirak edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Sərhəd Polisinin rəisi Davit Tamazaşvili əməliyyatda iştirak edəcək 12 nəfərlik heyəti Tbilisidəki Şota Rustaveli Beynəlxalq Hava Limanından yola salıb.

O, qrup üzvlərinə uğurlar arzulayaraq vurğulayıb ki, Gürcüstan bu əməliyyatda artıq üçüncü dəfə NATO-nun əməliyyat tərəfdaşı kimi iştirak edir.

Taktiki qrupun yola salınma mərasimində, həmçinin Sərhəd Polisi rəisinin birinci müavini Giorgi Qureşidze, NATO-Gürcüstan Əsas Paket Proqramının rəhbər müavini David Bitskinaşvili, polkovnik Georgi Pelesteanu, proqram meneceri Tamila Teliaşvili, eləcə də Ramaz Papidze (Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri) və Administrasiya rəhbəri Vladimir Bunturidze iştirak ediblər.

Qeyd edək ki, “SEA GUARDIAN” NATO-nun Aralıq dənizində həyata keçirdiyi dəniz təhlükəsizliyi missiyasıdır və regional sabitliyin qorunmasına xidmət edir.