Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyaları keçirilir

2
Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyaları keçirilir

İyunun 26-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 145/146-cı sessiyaları işə başlayıb.

Sessiyalarda Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. 

Tədbirdə ÜGT Katibliyinin nümayəndələri, təşkilata üzv dövlətlərin gömrük administrasiyalarının rəhbərləri, eləcə də Ümumdünya Ticarət Təşkilatının Baş direktoru iştirak edirlər.

Tədbirin gündəliyində ÜGT-nin 2024/2025-ci illər üzrə fəaliyyətinə dair Baş katib İan Saunders tərəfindən təqdim olunacaq hesabat, təşkilatın strateji planlarının icra vəziyyəti, texniki komitələrin tövsiyələri və təşkilati məsələlər yer alır. Müzakirələrdə potensialın gücləndirilməsi və dürüstlüyün təşviqi, mənşə, gömrük dəyəri və tarif nomenklaturası üzrə texniki məsələlər, e-ticarət siyasətləri, gömrük prosedurlarının təkmilləşdirilməsi və məlumat mübadiləsi üzrə təşəbbüslər diqqət mərkəzində olacaq. Həmçinin, təşkilatın maliyyə və idarəetmə mexanizmlərinə dair hesabatların təqdimatı nəzərdə tutulur.

Panel müzakirələr çərçivəsində iştirakçılar gömrük və vergi orqanları arasında transfer qiymətləri əsasında əməkdaşlığın gücləndirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Eyni zamanda, potensialın artırılmasında nəticəyönümlü yanaşmaların tətbiqi və bu sahədə əldə edilmiş təcrübələrin paylaşılması müzakirə olunacaq. Məlumatlara (data) əsaslanan e-ticarət modelləri kimi müasir trendlərin gömrük əməliyyatlarına inteqrasiyası da gündəlikdə yer alacaq və bu istiqamətdə qabaqcıl təcrübələrin təqdim olunması gözlənilir.

Sessiyaların yekununda ÜGT-nin rəhbər strukturlarında təmsilçiliyin formalaşdırılması məqsədilə seçkilər keçiriləcək. Bu çərçivədə Gömrük Əməkdaşlıq Şurası, Maliyyə və Audit Komitələrinin sədr və sədr müavinləri, eləcə də Siyasi Komissiya, Maliyyə və Audit Komitələrinin yeni üzvləri müəyyən olunacaq.

Sessiyalar 28 iyun tarixinədək davam edəcək və gömrük sisteminin qlobal miqyasda dayanıqlılığını, şəffaflığını və modernizasiyasını hədəfləyən bir sıra vacib qərarların qəbul edilməsi gözlənilir.

Source:https://customs.gov.az/