Bakı Limanında Çin səfiri ilə görüş keçirilib
Bu gün, AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin direktoru Eldar Salahov ilə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Bakı Limanında baş tutan görüş zamanı nümayəndə heyətinə limanın infrastruktur imkanları, son illərdə əldə edilən nəticələr və ölkələrimiz arasında yük daşımaları üzrə göstəricilər barədə ətraflı məlumat verilib. Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın inkişafı və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Eldar Salahov çıxışında Bakı Limanının Orta Dəhlizin mühüm tranzit mərkəzlərindən biri kimi strateji əhəmiyyətini vurğulayaraq, Çindən Avropaya uzanan yük axınlarının daha səmərəli və sürətli şəkildə həyata keçirilməsi üçün birgə səylərin önəmini qeyd edib.
Səfir Lu Mey isə Çin şirkətlərinin Orta Dəhlizdən istifadə imkanlarını yüksək qiymətləndirərək, iki ölkə arasında ticarət və logistika əlaqələrinin daha da gücləndirilməsi üçün mövcud potensialdan istifadənin vacibliyini bildirib.
Qeyd edək ki, ötən ilin ilk 7 ayı ərzində Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində, Qərbdən Çin istiqamətində, o cümlədən Azərbaycanın Çinlə ticarət dövriyyəsi üzrə ümumi yükaşırma həcmi 360 min ton təşkil etdiyi halda, cari ilin müvafiq dövründə bu göstərici 3,0%artaraq 371 min tondan çox olub. Xüsusilə konteyner daşımalarında ötən ilin eyni dövrü ilə müqayisədə 105%-dən çox artım qeydə alınıb. Bu ilin ilk yarısında Bakı Limanından keçməklə Çindən Qərb istiqamətində və əks istiqamətə ümumilikdə 25611 TEU ekvivalentində konteyner daşınıb.






