İndoneziyadan İran tankerləri ilə bağlı qərar

38

İndoneziya hakimiyyəti İranın ABŞ tərəfindən tətbiq olunan dəniz blokadası fonunda bu ölkəyə məxsus tankerlərin öz ərazi sularından keçməsinə mane olmaq niyyətində olmadığını açıqlayıb.

“Jakarta Globe” nəşrinin məlumatına görə, bu barədə İndoneziya Xarici İşlər Nazirliyinin mətbuat katibi Yvonne Mevenkan bildirib. Onun sözlərinə görə, gəmiçilik qaydaları, o cümlədən İndoneziya sularında hərəkət, BMT-nin 1982-ci il Dəniz Hüququ haqqında Konvensiyası ilə tənzimlənir və bu sənəd bütün dəniz zonalarında keçid azadlığını təmin edir.

“Biz əminik ki, bu gəmilər beynəlxalq hüquqa uyğun şəkildə hərəkət edirlər”, – deyə nazirlik rəsmisi vurğulayıb.

Mətbuat katibi əlavə edib ki, konvensiyaya əsasən, xarici gəmilərin boğazlardan sərbəst keçid hüququ var. Bununla yanaşı, İndoneziya vəziyyəti diqqətdə saxlayacaq və zərurət yarandıqda diplomatik kanallar vasitəsilə əlaqə saxlayacaq.

Nəşrin yazdığına görə, ötən həftəsonu təxminən 220 milyon dollar dəyərində neft daşıyan İran tankeri Lombok boğazına daxil olub. Ardınca isə daha bir İran tankeri Bali və Lombok adaları arasında yerləşən digər boğazdan keçid edib.

ABŞ hərbçiləri aprelin 13-də İrana qarşı dəniz blokadasına başlayıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına istiqamətlənən və ya ölkə sahillərindən uzaqlaşan gəmilərin hərəkətinin məhdudlaşdırılmasının planlaşdırıldığını bəyan edib.