ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) dəniz blokadası çərçivəsində İranla əlaqəli 51 ticarət gəmisinin ələ keçirildiyini və onlara geri dönmə əmri verildiyini açıqlayıb.
Qurumun məlumatına görə, indiyədək ümumilikdə 51 gəmi İrana daxil olmaq və ya ölkədən çıxmaq istiqamətində hərəkət edərkən dayandırılıb və onlara hərəkətlərini dayandıraraq geri qayıtmaq göstərişi verilib.
CENTCOM bildirir ki, blokadanın icrası məqsədilə regionda genişmiqyaslı hərbi dəniz qüvvələri cəmləşdirilib. Bu qüvvələrə iki təyyarədaşıyan gəmi, üç böyük desant gəmisi (göyərtəsində dəniz piyadaları batalyonu ilə), 12 idarəolunan raket esminesi və bir neçə minaaxtaran gəmi daxildir.
Komandanlığın açıqlamasına görə, məqsəd İran limanlarına daxil olan və ya həmin limanlardan çıxan dəniz ticarətini məhdudlaşdırmaq və regionda dəniz hərəkətinə nəzarəti gücləndirməkdir.





