Gəmiçilikdə enerji dönüşü: batareyalar önə çıxır

31

“AYK Energy” şirkəti dünyanın ilk batareya enerjisi ilə işləyən özüboşaldan balkeri üçün “Aries+S” sisteminin tədarükünə dair müqavilə imzalayıb. Layihə balker daşımalarında hibrid texnologiyaların tətbiqi baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

6 758 kVt/saat tutumlu batareya sistemi Avstraliyanın “CSL Australia” şirkəti üçün Çində inşa olunan 11 min dedveytlik “Yampu” gəmisində quraşdırılacaq. “Wärtsilä” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihədə dizel-elektrik konfiqurasiyasından istifadə olunur. Batareyalar və sahildən alınan enerji gəminin ümumi enerji tələbatının təxminən yarısını qarşılayacaq. Eyni zamanda, gəminin dizaynı gələcəkdə tam elektrikli istismara keçidi də mümkün edir.

Şirkətin təsisçisi Kris Krüger bildirib ki, ənənəvi olaraq yüksək yanacaq sərfi və uzun əməliyyat dövrləri səbəbindən balkerlərin elektrikləşdirilməsi çətin hesab olunurdu. Onun sözlərinə görə, bu layihə batareya texnologiyalarının uzaq məsafəli yükdaşımada da tətbiq imkanlarını nümayiş etdirir.

“Yampu” gəmisinin Cənubi Avstraliyada “Adbri Cement” şirkəti üçün əhəngdaşı daşınmasında istifadə olunacağı və istismar müddəti başa çatan “Accolade II” gəmisini əvəz edəcəyi bildirilir. Yeni gəmi ildə 2,7 milyon ton yük daşımaq qabiliyyətinə malikdir ki, bu da əvvəlki gəmi ilə müqayisədə 35 faiz çoxdur.

Mütəxəssislərin fikrincə, bərə və yedək gəmilərindən sonra balkerlərdə də hibrid sistemlərin tətbiqi gəmiçilik sektorunda emissiyaların azaldılması istiqamətində alternativ texnologiyalara marağın artdığını göstərir.

Seanews.az