Hörmüzdə xəbərdarlıq: SEPAH-dan mesaj

31

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün gəmiləri Hörmüz boğazından yalnız Tehran tərəfindən müəyyən edilən marşrut üzrə hərəkət etməyə çağırıb.

Xəbərdarlıq İranın dövlət televiziyası vasitəsilə yayımlanıb. Bəyanatda qeyd olunub ki, təqdim edilən dəhliz boğazdan keçid üçün yeganə təhlükəsiz marşrut hesab edilir.

“İran tərəfindən təklif edilən dəhliz Hörmüz boğazından keçmək üçün yeganə təhlükəsiz yoldur. Gəmilərin alternativ marşrutlara yönləndirilməsi risklidir və bu cür addımlar atanlara qarşı SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən sərt tədbirlər görüləcək”, – deyə açıqlamada vurğulanıb.

Mayın 3-də ABŞ Prezidenti Donald Tramp regionda yaranmış vəziyyətlə əlaqədar “Project Freedom” (Azadlıq Layihəsi) adlı əməliyyatın başladıldığını elan edib. Məqsəd akvatoriyada qalan gəmilərin Hörmüz boğazından təhlükəsiz şəkildə çıxarılmasıdır. ABŞ tərəfi bu prosesə müdaxilə olacağı təqdirdə güc tətbiq ediləcəyi barədə də xəbərdarlıq edib.