İspaniya riskə baxmayaraq gəmini qəbul edir

28

İspaniya hakimiyyəti göyərtəsində hantavirus infeksiyası yayılan Niderlanda məxsus “MV Hondius” kruiz gəmisinin Kanar adalarındakı limanlardan birinə yan almasına razılıq verib.

“El Confidencial” nəşrinin məlumatına görə, rəsmi Madrid bu qərarı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa İttifaqı ilə əvvəlcədən razılaşdırılmış müraciəti əsasında qəbul edib. Hazırda gəmi Kabo-Verde adaları yaxınlığında dayanıb.

Kruiz gəmisinin hərəkətə başlamasından əvvəl Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (ECDC) ekspertləri mövcud epidemioloji vəziyyəti təhlil edəcəklər. Onlar Kabo-Verde ərazisindən təcili təxliyəyə ehtiyac olub-olmadığını müəyyənləşdirməlidirlər.

Digər sərnişin və heyət üzvlərinin Kanar adalarına doğru hərəkət edəcəyi gözlənilir. Bu prosesin 3–4 gün davam edəcəyi ehtimal olunur, lakin gəminin hansı limana yan alacağı hələlik açıqlanmayıb.

Gəmi İspaniya sahillərinə çatdıqdan sonra bütün sərnişin və ekipaj üzvləri tibbi müayinədən keçiriləcək, zəruri yardım göstəriləcək və daha sonra onların öz ölkələrinə repatriasiyası təmin ediləcək.