Nəhəng yaxta sahibini gözləyir

33

“Amazon”un qurucusu Ceff Bezosun 500 milyon dollar dəyərində olan məşhur “Koru” meqayaxtasını satışa çıxarmağı planlaşdırdığı bildirilir.

Bu qərarın əsas səbəbi yaxtanın həddindən artıq diqqət mərkəzində olması və daimi ictimai maraq doğurmasıdır.

127 metr uzunluğunda, üç dirəkli “Koru” dünyanın ən fərqli superyaxtalarından biri hesab olunur. Gəminin burun hissəsində Lauren Sançes Bezosun qızıl işləməli taxta büstü və nəhəng yelkən sistemi yerləşir.

Yaxta adətən helikopter meydançası ilə təchiz olunmuş 75 milyon dollarlıq “Abeona” dəstək gəmisi ilə birlikdə hərəkət edir. Yüksək istismar xərcləri də diqqət çəkir — illik texniki xidmətin on milyonlarla dollar təşkil etdiyi bildirilir. Böyük ölçülərinə görə “Koru” bir çox özəl yaxta limanlarına daxil ola bilmir və daha çox yük gəmilərinin dayandığı limanlarda müşahidə olunur.

Gəminin inşası zamanı Rotterdamdakı Koninqshaven körpüsü ilə bağlı yaranan texniki problemlər də geniş ictimai müzakirələrə səbəb olmuşdu. Yaxtanın dorları ilə körpünün altından keçə bilməməsi səbəbilə körpünün sökülməsi təklif olunsa da, etirazlardan sonra alternativ həll yolu tapılmışdı.

“Koru”nun mümkün satışı ilə bağlı rəsmi təsdiq hələ verilməyib.

Seanews.az