Dayanıqlı Gəmiçilik Təşəbbüsü (SSI) dənizçilərin rifahı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı məlumatları vahid bazada birləşdirən sənaye üzrə ilk rəqəmsal xəritəni təqdim edib.
“Lloyd’s Register” fondu tərəfindən maliyyələşdirilən tədqiqat dənizçilərlə bağlı məlumatların müxtəlif qurumlar arasında parçalanmış halda və vahid standartdan uzaq olduğunu üzə çıxarıb. Diqqətçəkən məqam isə yorğunluq amilinin insident hesabatlarında müntəzəm olaraq yanlışlıqla “insan səhvi” kimi qeyd edilməsidir ki, bu da real risklərin düzgün qiymətləndirilməsinə mane olur.
SSI-ın baş icraçı direktoru Elli Besli-Quld bildirib ki, insan amili ilə bağlı riskləri idarə etmək üçün lazımi informasiya olsa da, bu məlumatlar vacib qərarların qəbulu prosesinə inteqrasiya edilmir. Tədqiqat göstərir ki, çox az sayda sığortaçı və gəmi sahibi dənizçi risklərini öz əməliyyat qərarlarına daxil edir. Buna görə də qəza halları və itkilər artır.
Layihənin növbəti mərhələsi dənizdəki insan risklərini idarə etmək üçün vahid indikatorlar və ortaq dil formalaşdırmaq məqsədilə bütün sənaye oyunçularını əməkdaşlığa çağırır.
Seanews.az





