Dənizçilikdə yeni era: “hibrid-ağıllı” donanma

80

Kanadanın nəhəng bərə operatoru “BC Ferries” dünyada analoqu olmayan bir layihəyə imza atır. Şirkətin yeni inşa edilən dörd hibrid-elektrik gəmisi “Furuno” tərəfindən hazırlanan və gəmi idarəçiliyini tamamilə rəqəmsallaşdıran yeni nəsil inteqrasiya olunmuş körpü sistemi ilə təchiz ediləcək.

Dünyada nadir tətbiqlərdən biri olaraq bu gəmilərin həm ön, həm də arxa hissəsində bir-birini tam əvəz edə bilən iki müstəqil kapitan körpüsü olacaq. Bu, hər hansı texniki nasazlıq və ya fövqəladə hal zamanı naviqasiyanın fasiləsizliyini sığortalayır.

Gəmidəki 20-dən artıq çoxfunksiyalı iş stansiyası radar, ECDIS və bütün xəbərdarlıq sistemlərini vahid bir şəbəkədə birləşdirir. Bu, heyətə gəminin istənilən nöqtəsindən bütün naviqasiya məlumatlarına çıxış imkanı verir.

Adi gəmilərdən fərqli olaraq, bu bərələr eyni anda fəaliyyət göstərən iki S-Band və dörd X-Band radarı ilə təchiz olunur ki, bu da ən qatı duman və fırtınada belə sıfır risklə hərəkət etməyə imkan yaradır.

Bunlardan başqa, bərələrə ilk dəfə inteqrasiya edilən xüsusi kiber-müdafiə sistemləri naviqasiya məlumatlarını kənar müdaxilələrdən qoruyacaq. Eyni zamanda, bu texnologiya gəminin texniki vəziyyətini sahil ofisindən real vaxt rejimində izləməyə imkan verəcək.

2029-cu ildə istismara veriləcək bu gəmilər həm də gələcəyin “sıfır emissiya” hədəfinə uyğun olaraq tam elektrik rejiminə keçid üçün hazır vəziyyətdə dizayn edilib.

Seanews.az