Gəmi hücumunda itkin düşənlər

62

İran rəsmilərinin məlumatına görə, cümə axşamı Hörmüz boğazı və Oman körfəzi yaxınlığında ABŞ tərəfindən İran yük gəmisinə endirilən zərbə nəticəsində 5 dənizçi itkin düşüb, 10 nəfər isə yaralanıb.

“Mehr” informasiya agentliyinin yaydığı xəbərə əsasən, İranın cənubundakı Minab vilayətinin qubernatoru Məhəmməd Radmehr Kolahi rayonuna məxsus mülki yük gəmisinin strateji dəniz yoluna yaxın ərazidə ABŞ hərbi qüvvələri tərəfindən hədəfə alındığını bildirib. Onun sözlərinə görə, zərbədən sonra gəmidə yanğın baş verib.

Qubernator qeyd edib ki, hadisə zamanı gəmidə 15 dənizçi olub. Yaralılar xəstəxanaya yerləşdirilib, itkin düşənlərin axtarışı isə davam etdirilir.

Hadisə, İran mediasının ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazında İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus raket katerlərini hədəf alması ilə bağlı xəbərlərindən bir neçə gün sonra baş verib. İran tərəfi həmin gəmilərin mülki balıqçı və yük gəmiləri olduğunu iddia edir.