Gəmiçilik üçün yeni rəqəmsal portal

128

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) qlobal ticarətdəki fasilələri gəmi hərəkətləri əsasında real vaxt rejimində izləyən yeni onlayn platformasını təqdim edib. Bu həftə fəaliyyətə başlayan rəqəmsal alət dünya üzrə 4100-dən çox limanda 23 fərqli xammal qrupunun daşınmasını anlıq monitorinq edir.

Yeni sistem süni intellekt, AIS (gəmi izləmə) məlumatları və şəbəkə modelləşdirilməsindən istifadə edərək geosiyasi gərginliklər və ya infrastruktur qəzaları zamanı tədarük zəncirindəki riskləri müəyyənləşdirir.

Platformanın sınaqları 2024-cü ildə Baltimordakı “Francis Scott Key” körpüsünün uçması hadisəsi üzərində aparılıb. Texnologiya göstərib ki, qəza nəticəsində yaranan ticarət fasilələrini ənənəvi statistik hesabatlardan qat-qat sürətli aşkar etmək qabiliyyətinə malikdir.

İƏİT-dən bildirilib ki, bu platforma rəsmi gömrük statistikasını əvəz etmək üçün deyil, qeyri-müəyyənlik dövrlərində mühüm iqtisadi dönüş nöqtələrini və yaranan yeni trendləri öncədən müəyyən etmək üçün nəzərdə tutulub.

Konteyner daşımalarının analizi ilə bağlı bəzi texniki məhdudiyyətlərə baxmayaraq, sistem dənizçilik risklərinin real vaxtda qiymətləndirilməsində mühüm addım hesab olunur.

Platforma bazar ertəsindən etibarən qurumun rəsmi saytında hər kəs üçün açıq olacaq.

Seanews.az