“MV Hondius” kruiz gəmisi ilə bağlı vəziyyət fonunda Andes hantavirus infeksiyasına yoluxma hallarının sayı 9-a çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiologiya və Cavab Analitikası şöbəsinin müdiri Olivye Le Polie məlumat verib.
Onun sözlərinə görə, indiyədək qeydə alınan 9 yoluxma halından 7-si laborator şəkildə təsdiqlənib. Yoluxanlardan 3 nəfər həyatını itirib.
ÜST nümayəndəsi bildirib ki, hantavirus kardiopulmoner sindromu ürək və ağciyərləri zədələyən, sürətlə inkişaf edən və ölüm göstəricisi 50 faizə çata bilən ağır tənəffüs yolu xəstəliyidir.
Mütəxəssislərin məlumatına görə, xəstəlik təxminən 20 müxtəlif hantavirus növü tərəfindən törədilir və əsasən Şimali və Cənubi Amerikada yayılıb. Böyrək sindromlu hemorragik qızdırma isə virusun digər forması hesab olunur və qan damarları ilə böyrəklərə təsir edir.
Simptomlar virusun növündən asılı olaraq yoluxmadan 1–8 həftə sonra ortaya çıxa bilər. Əsas əlamətlərə qızdırma, qusma, ishal, mədə-bağırsaq pozğunluqları, qarın, baş və əzələ ağrıları daxildir.
Qeyd olunur ki, Andes virusu ilk dəfə 1995-ci ildə müəyyən edilib və onun əsas təbii daşıyıcısı uzunquyruqlu düyü siçanıdır.





