ABŞ-nin qitələrarası ballistik raketlərlə silahlanmış “Ohio” sinifli strateji sualtı qayığı mayın 10-da Cəbəllütariqdəki hərbi bazaya daxil olub.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı Donanması məlumat yayıb.
Açıqlamada bildirilib ki, bu səfər ABŞ-nin hərbi imkanlarını, operativ çevikliyini və NATO müttəfiqlərinə sadiqliyini nümayiş etdirir:
“Ohio sualtı qayığında yerləşən ballistik raketlər ABŞ nüvə triadasının ən dayanıqlı komponentlərindən biridir”.
ABŞ Hərbi Dəniz Qüvvələrinin ümumilikdə 14 ədəd “Ohio” sinifli strateji sualtı qayığı var. Onların hər biri 20 ədəd “Trident II D-5” tipli qitələrarası ballistik raket daşımaq qabiliyyətinə malikdir.





