ABŞ Yaxın Şərqdə 20-dən çox hərbi gəmi ilə güc nümayiş etdirir

87

İran yaxınlığında yerləşdirilən ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz qruplaşması 20-dən çox hərbi gəmidən ibarətdir.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun informasiya xidməti məlumat yayıb.

Məlumata əsasən, bölgədə iki təyyarədaşıyan gəmi — “Abraham Lincoln” və “George H. W. Bush” Ərəbistan dənizində döyüş növbətçiliyi aparır.

Bundan əlavə, regionda üç böyük amfibiya gəmisi, 13 idarəolunan raket esminesi, iki sahil döyüş gəmisi və bir neçə minaaxtaran gəmi yerləşdirilib. Daha bir esmines də əməliyyat fəaliyyətində iştirak edir.

Bu qüvvələr ABŞ-nin Körfəzdə İranla əlaqəli ticarət gəmilərinin hərəkətinə nəzarət və məhdudiyyət yönümlü əməliyyatlarında istifadə olunur.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, blokadanın başlanmasından bəri İran limanlarına gedən və ya oradan çıxan 62 İranla əlaqəli ticarət gəmisi ələ keçirilib.

Qurum həmçinin bildirir ki, ümumilikdə 166 milyon bareldən çox neft daşıyan, dəyəri 13 milyard dollardan artıq olan tankerlərin hərəkəti məhdudlaşdırılıb.