Arif Ağayev: “Orta Dəhliz ciddi alternativə çevrilir”

127

Türkmənistanda istehsal olunmuş ilk quru yük daşıyıcısı “Gadamly” gəmisinin Xəzər dənizində istismara başlaması Azərbaycan-Türkmənistan əlaqələrinin daha da sıxlaşması üçün mühüm göstəricidir.

Bakı Limanında gəminin qarşılanma mərasimində “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Arif Ağayev açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Orta Dəhliz artıq region üçün ciddi alternativ nəqliyyat marşrutuna çevrilməkdədir və onun əhəmiyyəti getdikcə artır:

“Bu dəhliz üzərində yerləşən ölkələrin hər biri öz infrastrukturunu təkmilləşdirməli və artan yük həcminə uyğun imkanlar yaratmalıdır. Biz də Azərbaycan Dəmir Yolları və Bakı Beynəlxalq Dəniz Limanı olaraq infrastrukturumuzu genişləndiririk. Dəmir yolları yenilənir, yeni lokomotiv və vaqonlar alınır”.

Arif Ağayev bildirib ki, hazırda Bakı Limanının illik ötürücülük qabiliyyəti 150 min TEU təşkil edir. Lakin həyata keçirilən genişləndirmə işləri — dibdərinləşdirmə və yeni avadanlıqların alınması hesabına bu göstəricinin 260 min TEU-ya çatdırılması planlaşdırılır.