Azərbaycan nefti Yaponiyada

107

Yaxın Şərqdə eskalasiya və Hörmüz boğazında yaranan məhdudiyyətlər fonunda Yaponiyanın ENEOS şirkəti Azərbaycandan 283 min barel neft alıb.

Azərbaycandan neft daşıyan tanker artıq Yaponiyaya çatıb və yük Tokio yaxınlığında yerləşən Negisi neft emalı zavoduna yönəldiləcək.

Nəşrlərin yazdığına əsasən, Yaponiya hökuməti Hörmüz boğazından keçməyən alternativ tədarük mənbələrinin artırılması istiqamətində fəaliyyətini gücləndirib. Bu çərçivədə ABŞ və Rusiya da daxil olmaqla müxtəlif ölkələrdən idxalın genişləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi prioritet kimi müəyyən edilib.

Bu tədarükün Yaxın Şərq münaqişəsinin başlanmasından sonra Yaponiyaya göndərilən ilk Azərbaycan nefti partiyası olduğu bildirilir. Əvvəllər Yaponiya neft emalı zavodlarının əsas xammalı Yaxın Şərq nefti olub.

Yaponiyada gündəlik neft istehlakı təxminən 3 milyon barel təşkil edir. Ölkə həm dövlət, həm də özəl sektor ehtiyatlarını əhatə edən böyük strateji neft rezervlərinə malikdir. Bu ehtiyatlar adətən bir neçə aylıq daxili tələbatı qarşılasa da, uzunmüddətli tədarük fasilələri ilə bağlı narahatlıqlar qalmaqdadır.