Azərbaycan və Türkmənistan logistika əməkdaşlığını genişləndirir

170

“Yeni gəminin istifadəyə verilməsi və ilk səfərini Azərbaycana etməsi iki qardaş dövlətin nəqliyyat-logistika sahəsindəki yaxın əməkdaşlığının göstəricisidir. Biz bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”.

Bu fikirləri Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov Bakı Beynəlxalq Dəniz Ticarət Limanında “Gadamly” gəmisinin qarşılanma mərasimində səsləndirib.

Səfir bildirib ki, gəmi Türkmənistanın “Balkan” gəmiqayırma zavodunda koreyalı mütəxəssislərlə birgə inşa olunub.

Onun sözlərinə görə, “Gadamly” yalnız Azərbaycan və Türkmənistan arasında deyil, həm də beynəlxalq tranzit yükdaşımalarında istifadə ediləcək:

“Azərbaycan və Türkmənistan Orta Dəhliz üzərində yerləşən mühüm dövlətlərdir və bu marşrutun inkişafında əhəmiyyətli rol oynayırlar. Yaxın aylarda Türkmənistanda istehsal olunmuş daha bir yük gəmisinin də istismara verilməsi planlaşdırılır və o da tranzit daşımalarına cəlb ediləcək”.

Qurbanməmmet Elyasov əlavə edib ki, iki ölkə arasında əməkdaşlıq yalnız nəqliyyat sektoru ilə məhdudlaşmır:

“Bütün sahələrdə inkişaf müşahidə olunur. Bu inkişafın əsasında hər iki ölkə prezidentinin praqmatik siyasəti dayanır və bu siyasət xalqlarımızın maraqlarına xidmət edir”.