Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, tanker Puntland bölgəsi yaxınlığındakı Somali ərazi sularına aparılıb. Rəsmi Doha hadisəni beynəlxalq hüququn kobud pozuntusu, həmçinin dəniz təhlükəsizliyi və beynəlxalq ticarət üçün ciddi təhdid kimi qiymətləndirib.
Nazirlik Qətərin Misir və dənizçilərin ailələri ilə həmrəy olduğunu vurğulayaraq, heyət üzvlərinin təhlükəsizliyinin təmin edilməsinin və onların dərhal azad olunmasının vacibliyini qeyd edib.
Açıqlamada beynəlxalq su yollarında sərbəst hərəkətin qorunması və dəniz naviqasiyasının təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq səylərin koordinasiyasına çağırış da yer alıb.
Misir tərəfi bazar ertəsi göyərtəsində səkkiz misirli dənizçinin olduğu tankerinin Yəmən sahillərindən qaçırılaraq Somaliyə aparıldığını təsdiqləyib.
Bundan əvvəl Yəmən hakimiyyəti mayın 2-də Şabva qubernatorluğu sahillərində 12 misirli və bir hindistanlı dənizçinin olduğu gəminin piratlar tərəfindən ələ keçirildiyini açıqlamışdı.
Qaçırılan gəmidəki misirli dənizçilərdən birinin həyat yoldaşı isə piratların azadlığa buraxılma qarşılığında pul tələb etdiklərini bildirib.
Somali sahillərində 2008–2018-ci illərdə geniş yayılmış piratçılıq fəaliyyəti sonrakı illərdə zəifləsə də, 2023-cü ilin sonlarından etibarən regionda artan gərginlik fonunda yenidən aktivləşməyə başlayıb.





