ABŞ administrasiyası məcburi əməyə qarşı mübarizənin yetərli səviyyədə aparılmadığını əsas gətirərək 60 ölkədən idxal olunan bəzi məhsullara yeni rüsumlar tətbiq etməyi nəzərdən keçirir.
Denizxeber.az bildirir ki, ABŞ Ticarət Nümayəndəliyinin Ofisi tərəfindən hazırlanan təklifə əsasən, Kanada, Meksika və Avropa İttifaqı ölkələri daxil olmaqla 15 dövlət üçün 10%, araşdırma aparılan digər 45 ölkə üçün isə 12,5%-dək əlavə idxal rüsumu tətbiq oluna bilər.
ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, bu təşəbbüs Amerika işçiləri və istehsalçıları üçün daha ədalətli rəqabət şəraitinin yaradılmasına xidmət edir. Onun sözlərinə görə, bəzi ölkələrdə məcburi əməyin tətbiqi qlobal bazarda qeyri-bərabər rəqabət mühiti formalaşdırır.
Təklif olunan qaydalarda bir sıra məhsullar istisna tutulur. Enerji daşıyıcıları, metallar, mal əti, qəhvə və dərman vasitələrinin yeni rüsumlardan azad ediləcəyi qeyd olunur.
Məsələ ilə bağlı ictimai dinləmələrin iyulun 7-də keçirilməsi planlaşdırılır. Təkliflə bağlı rəy və təkliflərin təqdim edilməsi üçün son tarix isə iyulun 6-sı müəyyən edilib. Bu təşəbbüs qəbul ediləcəyi təqdirdə, qlobal ticarət münasibətlərinə və beynəlxalq təchizat zəncirlərinə təsir göstərə biləcək mühüm addımlardan biri hesab olunur.





