Azərbaycan beynəlxalq yükdaşımalarının rəqəmsallaşdırılması və logistika proseslərinin sürətləndirilməsi məqsədilə Çinlə birbaşa məlumat mübadiləsi mexanizminin yaradılması istiqamətində işlərə başlayıb.
Denizxeber.az “Report”-a istinadən bildirir ki, bunu Rəqəmsal Logistika Platformasının (DLP) layihə rəhbəri Ehtiram Quliyev Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Çinlə bu istiqamətdə müzakirələr hazırda davam edir. Eyni zamanda, Qazaxıstanla rəqəmsal məlumat mübadiləsi üzrə yol xəritəsi hazırlanaraq qarşı tərəfə təqdim olunub. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində isə Rusiya ilə əməkdaşlığa elektron yük qaiməsi sistemi (e-CMR) əsasında başlanılıb. Bu əməkdaşlıq hökumətlərarası razılaşma çərçivəsində həyata keçirilir.
Ehtiram Quliyev qeyd edib ki, oxşar əməkdaşlıq mexanizmləri artıq Türkiyə və Qazaxıstanla da qurulub. Orta Dəhliz üzrə rəqəmsal inteqrasiya prosesinə hələlik qoşulmayan əsas ölkə Gürcüstandır. Bununla belə, yaxın perspektivdə Gürcüstanın da təşəbbüsə qoşulması gözlənilir.
Onun fikrincə, bu addımların həyata keçirilməsi nəticəsində Orta Dəhliz boyunca vahid rəqəmsal logistika infrastrukturunun formalaşdırılması və iştirakçı ölkələr arasında operativ məlumat mübadiləsinin təmin olunması istiqamətində mühüm irəliləyiş əldə ediləcək. Bu isə yükdaşımaların şəffaflığının, sürətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.





