“Bakı Gəmiqayırma Zavodu” MMC-də indiyədək 170-dən çox gəminin təmiri həyata keçirilib.
Denizxeber.az “Report”-a istinadən bildirir ki, bunu zavodun İdarə Heyətinin sədri Ruslan Talıbov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, müəssisə fəaliyyətə başladığı dövrdən etibarən ümumilikdə 14 gəmi tikinti layihəsini də uğurla icra edib.
Onun sözlərinə görə, təmir olunan və inşa edilən gəmilər arasında “Xankəndi” sualtı tikinti gəmisi, dibdərinləşdirən və yedək gəmiləri, yarımdalma qazma qurğusunun ponton və üst göyərtələri, sərnişin və bərə gəmiləri, eləcə də neft və kimyəvi məhsullar daşıyan tankerlər yer alır. Bu göstəricilər zavodun ölkənin sənaye və nəqliyyat sektorunda mühüm rolunu təsdiqləyir.
R. Talıbov əlavə edib ki, zavodun illik istehsal gücü 25 min ton gəmi metal konstruksiyalarının hazırlanmasına imkan verir. Mövcud potensial hesabına müəssisə ildə 4 ədəd 15 min tonluq tanker və ya alternativ olaraq 2 ədəd 60–70 min tonluq “Caspian Max” tipli tanker istehsal edə bilir. Eyni zamanda, müxtəlif təyinatlı 4 gəminin paralel tikintisi də mümkündür.
Hazırda zavodun sifariş portfelində 17 gəmi yer alır. Onlardan 11-nin tikintisi davam edir, 6-sı isə layihələndirmə mərhələsindədir. Sifarişlər arasında “AD Ports”un sifarişi ilə inşa olunan 2 ədəd çoxməqsədli quru yük və konteyner gəmisi də xüsusi əhəmiyyət daşıyır.
Layihələr üzrə əsas avadanlıq və materialların təminatı həyata keçirilib, gövdə konstruksiyalarının tikintisi isə mərhələli şəkildə davam etdirilir. H128 layihəsi üzrə 2 blok tamamlanıb, 5 blok üzərində işlər gedir, H129 layihəsi üzrə isə 2 blokun istehsalı aparılır. Gəmilərin 2028-ci ilədək sifarişçiyə təhvil verilməsi planlaşdırılır.





