Gəmilər üçün yeni batareya sistemi

48

Niderlandın Rotterdam şəhərində yerləşən “Wattlab” şirkəti daxili su yollarında fəaliyyət göstərən gəmilər üçün “Westack” adlı standartlaşdırılmış batareya sistemini təqdim edib.

Denizxeber.az “Seanews.az”-a istinadən xəbər verir ki, əvvəlcədən yığılıb sınaqdan keçirilmiş bu sistem gəmidə cəmi bir iş günü ərzində quraşdırıla bilir. Bu göstərici ənənəvi dəniz batareya sistemləri ilə müqayisədə quraşdırma müddətini bir neçə həftədən bir günə qədər azaldır.

Şirkətin məlumatına görə, “Westack” gəmi generatorlarının iş saatlarını 80–90 faizədək azaldaraq yanacaq sərfiyyatının, texniki xidmət xərclərinin və karbon emissiyalarının aşağı salınmasına töhfə verir. Sistem eyni zamanda səs-küyü, vibrasiyanı və işlənmiş qaz emissiyalarını azaltmaqla ekipaj üçün daha komfortlu iş şəraiti yaradır.

100 kVt-saatdan 400 kVt-saata qədər müxtəlif tutumlarda təklif olunan batareya sistemi həm yeni inşa edilən, həm də modernizasiya olunan gəmilərdə tətbiq oluna bilər.